Deputatdan qadın hərbi qulluqçularla bağlı TƏKLİF

13:47 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qadın hərbi qulluqçularla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub. Milli Məclisdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Təqdim edilən qanun layihəsinin əsas məqsədi qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma mərhələsində qarşılaşdıqları praktiki çətinliklərin aradan qaldırılması və kadr sabitliyinin gücləndirilməsidir”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşa təqdim edərkən səsləndirib.

Deputat qeyd edib ki, hazırda qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1.2-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlama müddəti müddətli həqiqi hərbi xidmətdən və ehtiyatdan daxil olanlar, eləcə də qadınlar üçün 3 il müəyyən edilib. Bu norma “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci maddəsinin “b” bəndində də əksini tapıb.

Praktikaya əsasən, kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməzdən əvvəl müddətli həqiqi hərbi xidmət keçdikləri üçün uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə xidmət şəraitinə uyğunlaşmaqda çətinliklərlə üzləşirlər.

Qadınlarla dərhal 3 illik müqavilənin bağlanması onların uyğunlaşma dövrünü tam keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur. Bu isə sonradan, əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılma halları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Təklif edilən dəyişikliklərə əsasən, qadınlarla bağlanan ilkin müddət 3 ildən 6 ayadək azaldılması nəzərdə tutulur. Deputat bildirib ki, bu addım qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarını artıracaq, kadr axınının azalmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə töhfə verəcək.